Freitag, 23. März 2012

2012.Cİ İL (1391) - URMU GÖLÜNÜ QURTARMA İLİ ÇAĞRIŞINA GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİNİN DƏSTƏK BƏYANATI


2012.Cİ İL (1391) - URMU GÖLÜNÜ QURTARMA İLİ ÇAĞRIŞINA

GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİNİN

DƏSTƏK BƏYANATI


Fars faşist molla rejiminin Urmu gölünü məqsədyönlü qurutma siyasəti Güney Azərbaycanda milyonlarla Azərbaycan türkünü böyük təhlükə ilə üzləşdirib. 15 ildir ki, fars rejimi Urmu gölünü qurutmaq üçün məqsədli siyasət aparır. Aparılan araşdırmalar da göstərir ki, 1995-2011-ci illər ərzində Urmu gölündə suyun səviyyəsi 7 metrdən çox aşağı düşüb, 2001-2011-ci illər ərzində isə göl öz sahilindən 2300 km geri çəkilib. Bu ciddi rəqəmlər onu göstərir ki, Urmu gölü sürətlə quruyur. Fars faşist rejimi gölün quruma səbəbini yalnız təbii faktorlarla əsaslandırmağa çalışsa da, mütəxəssislər Urmu gölündəki 27 000 illik çöküntülər üzərində apardıqları araşdırmalarla sübut ediblər ki, son uzun dövr ərzində təbii səbəblərdən dolayı Urmu gölü heç bir quruma təhlükəsi ilə üzləşməyib. Urmu gölünün sürətlə qurumasına səbəb gölə axan çaylar üzərində tikilən çox saylı su bəndləri və heç bir elmi əsaslandırma aparılmadan qazılan yüzlərlə artezan quyularıdır. Bu da o deməkdir ki, gölün quruması təbii hadisələrdən qaynaqlanmır. Azərbaycan türklərinin üzləşdiyi bu təhlükə rejimin Urmu gölünün qurudulması istiqamətində apardığı məqsədyönlü siyasətin nəticəsidir. Təsadüfi deyil ki, azərbaycanlıların öz tarixi torpaqlarından köçürülməsi ”millət vəkillərinin” dili ilə gündəmə gətirilir. Bu isə o deməkdir ki, Urmu gölünün qurudulmasının mahiyyətində azərbaycan türkünə düşmənçilik siyasəti durur.

Urmu gölünün qurudulmasının qarşısı alınmazsa, Azərbaycan böyük təhlükə ilə üzləşəcək. Mütəxəssislər Urmu gölünün quruması nəticəsində böyük bir ərazinin 8-10 milyard m3 düz şoranlığı altında məhv olacağını proqnazdırırlar və bu da orda yaşayan milyonlarla insanın və digər canlıların məhvə məhkum olunması deməkdir. Bütün bu faktlar onu göstərir ki, Güney Azərbaycanda yaşayan azərbaycan türkləri olduqca həssas və taleyüklü bir durumla qarşı-qarşıyadırlar.

Azərbaycan milli fəalları və bir sıra milli-siyasi qurumlar tərəfindən 2012-ci il - Urmu gölünü qurtarma ili elan edilməsi və Yaz bayramının 13-cü günündə Güney Azərbaycanın müxtəlif şəhərlərində Urmu gölü ilə bağlı aksiyalara çağırışlar milli və siyasi əhəmiyyət kəsb edir.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bu təşəbbüs və çağıırşları dəstəkləyir və bu istiqamətdə bütün milli-siyasi qüvvələri birgə fəaliyyətə dəvət edir.

Biz hesab edirik ki, bugünki şəraitdə rejimin millətimizə qarşı davam etdirdiyi soyqırım siyasətinə ciddi və mütəşəkkil formada birgə mübarizə aparılmalıdır. Hər birimizin üzərinə düşən milli borc Millətimizi və Vətənimiz Azərbaycanı bu kimi təhlükələrdən qurtarmaqdır.


GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİ

Keine Kommentare:

Kommentar veröffentlichen